Avrora Qrupun əməkdaşları arasında sağlam həyat tərzinin təşviqi, korporativ həmrəyliyin gücləndirilməsi və idman mədəniyyətinin inkişafı məqsədilə təşkil olunan “Avrora Qrup II Stolüstü Tennis Çempionatı” uğurla yekunlaşıb.
30 aprel 2026-cı il tarixində elan olunan çempionata ümumilikdə 60 əməkdaş qatılıb. Püşkatma mərasimindən sonra iştirakçılar hər biri 6 nəfərdən ibarət olmaqla 10 qrupa bölünüb və qrup mərhələsində mübarizəyə başlayıblar. Hər qrupdan ən yaxşı nəticə göstərən iki iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.
Play-off qarşılaşmalarının ardından mübarizəni davam etdirən 10 iştirakçı yenidən iki qrupa bölünüb. Gərgin və maraqlı oyunlardan sonra isə Rasim Bayramov, Yaşar Babaxanov, Xəyal Abbaszadə və Rusif Ramazanov yarımfinal mərhələsinə yüksələrək çempionatın ən güclü dörd iştirakçısı sırasında yer alıblar.
29 iyul tarixində Avrora Baş Ofisində keçirilən yarımfinal və final qarşılaşmaları böyük maraqla izlənilib. Final günü iştirakçılar arasında yüksək səviyyəli mübarizə ilə yanaşı, tamaşaçılar üçün müxtəlif interaktiv oyunlar və əyləncəli müsabiqələr də təşkil olunub.
Final mərhələsinin sonunda çempionatın qalibləri müəyyənləşdirilib və təntənəli mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, sertifikat və xüsusi mükafatlar təqdim olunub.
“Avrora Qrup II Stolüstü Tennis Çempionatı” bir daha göstərdi ki, idman əməkdaşlar arasında sağlam rəqabətin, komanda ruhunun və korporativ birliyin gücləndirilməsi baxımından mühüm rol oynayır.
Avrora Qrup çempionatda iştirak edən bütün əməkdaşlara təşəkkür edir, qalibləri təbrik edir və gələcək yarışlarda onlara yeni uğurlar arzulayır.
Çempionatın finalından qısa videoçarxı təqdim edirik.